Türkiyənin paytaxtı Ankarada gecə saatlarından başlayan və səhər saatlarında güclənən leysan yağışları şəhərdə ciddi problemlərə səbəb olub.
Güclü yağış nəticəsində Mamak rayonunun Mutlu məhəlləsində yol çöküb və yolda yaranan çuxura yüngül kommersiya avtomobili düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Həmin ərazidə yerləşən Səlcuqlu İbtidai Məktəbinin hasarı da yağıntı səbəbindən uçub.
Şəhərin müxtəlif küçə və prospektlərində su yığılıb, avtomobillərin hərəkəti çətinləşib. Kanalizasiya quyularının daşması nəticəsində bəzi yolları su basıb, yağış suları zibil konteynerlərini sürükləyib. Yenikent Sənaye Zonasında isə çoxsaylı obyektlər su altında qalıb və maddi ziyan dəyib.
Turgut Özal bulvarındakı yeraltı keçiddə toplanan su səbəbindən bir minik avtomobili keçiddə ilişib qalıb. Suyun təmizlənməsi işləri aparılan müddətdə yeraltı keçid hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

