Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərə görə məhkum olunmuş Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər erməni və rus dillərində tərcüməçi, eləcə də vəkillərlə təmin olunublar.
Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə dair toplanmış sübutları təqdim ediblər. Onlar Arayik Harutyunyan, Bako Sahakyan və Arkadi Qukasyanın cinayətkar fəaliyyətini təsdiqləyən materiallara istinad edərək apellyasiya şikayətlərinin əsassız olduğunu bildiriblər.
Prokurorların sözlərinə görə, birinci instansiya məhkəməsində bütün sübutlar hərtərəfli araşdırılıb və hökm zərərçəkmişlərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiqlənib.
Məhkəmə baxışı iyulun 27-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, digər təqsirləndirilən şəxslər isə 15 ildən 19 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası alıblar.
Mənbə: APA











