Astara sakini 300 mindən çox dələduzluqda ittiham olunur

Astara sakini 300 mindən çox dələduzluqda ittiham olunur

Astara rayon sakini Emil Kazımov külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onun barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib.

İttihama görə, Emil Kazımov tanışına Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən “Həyat” aptekinin ikinci mərtəbəsində klinika yaradacağını deyib. O, klinikanın və aptekdə dərman satışının gətirəcəyi gəliri yarıbayarı bölüşməyi vəd edərək həmin şəxsdən 192 min manat alıb.

Bundan başqa, onun digər tanışının Rusiyadan Azərbaycana 5 milyon rubl göndərmək niyyətində olduğunu öyrəndiyi bildirilir. Kazımov həmin vəsaiti müxtəlif hesablara köçürməklə Azərbaycana gətirəcəyini və sahibinə çatdıracağını vəd edib. Lakin pul ölkəyə gətirildikdən sonra vədini yerinə yetirməyərək vəsaiti qaytarmayıb.

İstintaqdan yayındığı üçün axtarışa verilən Emil Kazımov ötən il Rusiyada saxlanılıb. Baş Prokurorluğun müraciəti əsasında bu ilin iyulunda Azərbaycana ekstradisiya olunub. Onun barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə — külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilir.

Təqsirləndirilən şəxsin ümumilikdə 331 min manat təşkil edən maddi ziyanı tam ödədiyi bildirilir.

İşə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Hazırlıq iclası sentyabrın 17-nə təyin edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir