Xəbər Yerində xəbər verir ki, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə təqsirləndirilən ata və qızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qətlin səbəbi ilə bağlı yeni detallar ortaya çıxıb.
Qızının sözlərindən sonra qətl planı qurublar
Məlumata görə, Ədil Məhərrəmov 2019-cu ildə Nuranə Məhərrəmova ilə ikinci dəfə ailə həyatı qurub. Nuranənin əvvəlki evliliyindən 2008-ci il təvəllüdlü qızı olub.
2022-ci ildə qadın yeniyetmə qızına qarşı ərinin cinayət törətdiyini bildirərək polisə müraciət edib. Araşdırma nəticəsində Ədil Məhərrəmova qarşı cinayət təqibinin davam etdirilməsi üçün kifayət qədər sübut olmadığı müəyyənləşib.
Bundan sonra Nuranə məsələni atası Nəcəf Qafarova danışıb. Ata və qızının Ədili öldürmək qərarına gəldiyi bildirilib.
“Azadlığa çıxanda onu öldürəcəkdi”
Məhkəmədə təqsirləndirilən şəxslər Ədilin yeniyetmə qıza qarşı cinayət törətdiyini şifahi şəkildə təsdiqlədiyini iddia ediblər.
Həmçinin məlum olub ki, Nuranənin ilk həyat yoldaşı həmin vaxt həbsdə olub. Onların sözlərinə görə, həmin şəxs azadlığa çıxdıqdan sonra Ədili öldürəcəyini bildirib.
Ata və qızına hökm oxundu
Məhkəmənin hökmü ilə Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hər iki şəxs xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinib.
Mənbə: Qafqazinfo

