Xəbər Yerində xəbər verir ki, Azərbaycan əsilli məşhur müğənni Coni (Jony) son günlər şəxsi həyatı, həyat yoldaşı və övladının olması, eləcə də ad-soyadını dəyişməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


“Həyat yoldaşı və uşaq… xoşuma gəldi”
Coni bildirib ki, bütün bu məlumatlar texnologiyanın imkanlarını nümayiş etdirmək məqsədilə hazırlanan bir təcrübənin tərkib hissəsi olub.
Müğənni son bir həftə ərzində özü və komandası ilə əlaqə saxlayan çoxsaylı şəxslərin yayılan xəbərlərə münasibət istədiyini deyib.
O, haqqında “həyat yoldaşı və uşağı var” və “yeni ad götürüb” kimi məlumatların yayılmasına ironik münasibət göstərərək, “Yeri gəlmişkən, xoşuma gəldi. Gözəldir”, – deyə bildirib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər yayılan görüntülərin və məlumatların əsl səbəbini açıqlayıb.
Coni niyə belə bir təcrübə apardı?
Sənətçi bu üsulla müasir dövrdə həqiqi görüntü və səsləri texnologiya vasitəsilə yaradılan saxta materiallardan ayırmağın nə qədər çətin olduğunu göstərmək istədiyini açıqlayıb.
Onun sözlərinə görə, insanlar sosial şəbəkədə gördükləri foto və videolara, eşitdikləri səslərə çox vaxt araşdırmadan inanırlar. Coni süni intellekt və digər texnologiyalar vasitəsilə insanın səsinə və görünüşünə çox bənzəyən materialların hazırlanmasının mümkün olduğunu vurğulayıb.
Paylaşımın sonunda isə Coni onunla “Illusion” adlı mahnı hazırlayan italiyalı müğənni və aktyor Mikele Morroneyə çevrilmiş görüntü təqdim edib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Coninin həyat yoldaşı və övladının olduğu, onları ictimaiyyətdən gizlətdiyi, həmçinin ad və soyadını dəyişdiyi barədə müxtəlif xəbərlər və görüntülər yayılmışdı.

