Xaricdən avtomobil sifariş etmək istəyən paytaxt sakini dələduzluğun qurbanı olduğunu iddia edir.
Xeber Yerinde Xezer Xeber-ə istinadən xəbər verir ki, Rəvan Vəliyev “TikTok” platformasında fəaliyyət göstərən “Narıncı Mustang” səhifəsi vasitəsilə iki avtomobil gətirtmək üçün ümumilikdə 3 545 manat ödədiyini bildirib. Onun sözlərinə görə, üstündən aylar keçməsinə baxmayaraq, nə avtomobillər gətirilib, nə də ödədiyi vəsait geri qaytarılıb.
Şikayətçinin sözlərinə görə, o, səhifənin nümayəndəsi kimi təqdim olunan Fərid adlı şəxslə görüşüb. Tərəflər avtomobillərin hissə-hissə ödənişlə gətirilməsi və daha sonra lizinq yolu ilə rəsmiləşdirilməsi barədə razılığa gəliblər.
Rəvan Vəliyev bildirib ki, əvvəlcə ona müxtəlif avtomobillərin elanları göndərilib. Daha sonra isə seçilən nəqliyyat vasitələrinin alındığı deyilib. Lakin iddiaçının sözlərinə görə, avtomobillərin həqiqətən alındığını təsdiqləyən sənəd, foto və ya video təqdim olunmayıb.
Məsələ ilə bağlı Fərid adlı şəxslə telefon əlaqəsi saxlanılıb. O, Rəvan Vəliyevlə danışaraq problemi həll etdiyini bildirib. Bununla belə, iddiaların digər detalları barədə açıqlama verməyib. Rəvan Vəliyev isə aralarında hər hansı razılaşmanın olmadığını deyib.
Mütəxəssislər xaricdən avtomobil sifariş edən şəxsləri sosial şəbəkələrdəki səhifələrə və şifahi vədlərə kor-koranə etibar etməməyə çağırırlar. Bildirilir ki, ödəniş etməzdən əvvəl vasitəçi və ya şirkətin hüquqi statusu, fəaliyyəti və etibarlılığı araşdırılmalıdır.
Həmçinin avtomobilin hərrac sənədləri, VIN kodu və daşınma ilə bağlı məlumatların tələb edilməsi, bütün razılaşmaların yazılı müqavilə ilə rəsmiləşdirilməsi və ödənişlərin rəsmi bank hesabı üzərindən, təyinatı göstərilməklə həyata keçirilməsi tövsiyə olunur.

