Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin əsasını qoyan Anlaşma Memorandumunun imzalanmasından bir il ötür.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədə imza atıblar.

Memorandumun əsas hədəfi Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi olub. Sənəddə tərəflərin enerji, nəqliyyat və regional bağlantılar, müdafiə, terrorizmlə mübarizə, iqtisadiyyat, ticarət, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığı genişləndirmək niyyəti əksini tapıb.

Sənədin imzalanmasından bir il sonra isə həmin prosesin nəticəsi olaraq iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası qəbul edilib.

Münasibətlərdə yeni mərhələ

10 fevral 2026-cı ildə Bakıda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi keçirilib. Sənədə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens imza atıblar.

Xartiyanın qəbul edilməsi ilə ötən ilin avqustunda Vaşinqtonda müəyyənləşdirilən əməkdaşlıq çərçivəsinin daha geniş və konkret istiqamətlər üzrə inkişaf etdirilməsi üçün siyasi baza formalaşıb.

Yeni sənəddə iki ölkənin bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verdiyi bir daha təsdiqlənib. Bununla yanaşı, regional təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı investisiyaların təşviqi məsələləri də prioritet istiqamətlər sırasında göstərilib.

Regional bağlantı əsas istiqamətlərdən biri kimi

Azərbaycan və ABŞ arasında əməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri regional nəqliyyat və kommunikasiya layihələridir.

Tərəflər Azərbaycanın regionda mühüm tranzit mövqeyindən istifadə etməklə nəqliyyat və logistika imkanlarının genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Bu çərçivədə Orta Dəhlizin inkişafı və Azərbaycanın regional bağlantı imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır.

Strateji Tərəfdaşlıq Xartiyasında Azərbaycan ərazisindən keçən yeni regional bağlantı imkanlarının yaradılması ilə bağlı təşəbbüslərə də yer verilib. Bu layihələrin həyata keçirilməsi regionda ticarət dövriyyəsinin və tranzit potensialının artmasına şərait yarada bilər.

Enerji əməkdaşlığı genişlənir

Enerji sektoru da Bakı-Vaşinqton münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır.

İki ölkə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, neft və qaz layihələri ilə yanaşı elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edir. Azərbaycan bu baxımdan Avropanın enerji təhlükəsizliyində rolunu artırmağa çalışan ölkələrdən biri kimi çıxış edir.

Yeni tərəfdaşlıq çərçivəsində enerji infrastrukturu ilə yanaşı, mülki nüvə enerjisi və kritik əhəmiyyətli minerallar kimi yeni sahələrdə əməkdaşlığın mümkünlüyü də gündəmə gətirilib.

Süni intellekt və rəqəmsal texnologiyalar

Memorandumla başlayan əməkdaşlıq gündəliyində yeni texnologiyalar da mühüm yer tutur.

Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, rəqəmsal infrastruktur və məlumat mərkəzlərinə investisiyaların təşviqi, eləcə də kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Bu istiqamət xüsusilə diqqətçəkəndir. Çünki Azərbaycan-ABŞ münasibətlərinin gündəliyində ənənəvi enerji və təhlükəsizlik məsələləri ilə yanaşı, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar da getdikcə daha böyük yer tutur.

Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq

İki ölkənin əməkdaşlığının digər mühüm istiqaməti təhlükəsizlik və müdafiə məsələləridir.

Memorandumda müdafiə və terrorizmə qarşı mübarizə sahəsində əlaqələrin gücləndirilməsi nəzərdə tutulurdusa, sonrakı mərhələdə bu istiqamət daha geniş strateji çərçivədə nəzərdən keçirilib.

Tərəflər təhlükəsizlik məsələləri ilə yanaşı, kibertəhlükələrə qarşı mübarizə və kritik infrastrukturun qorunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsində də maraqlıdırlar.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminin mövcudluğu nəzərə alınaraq humanitar minatəmizləmə sahəsində əməkdaşlıq da tərəflərin gündəliyində yer alıb.

Özəl sektor üçün yeni imkanlar

Strateji tərəfdaşlığın yalnız hökumətlərarası münasibətlərlə məhdudlaşmaması da sənəddə xüsusi vurğulanır.

Azərbaycan və ABŞ özəl sektor nümayəndələrinin birgə layihələrə və investisiya təşəbbüslərinə cəlb edilməsini vacib hesab edir. Bu isə gələcəkdə enerji, nəqliyyat, texnologiya, rəqəmsal iqtisadiyyat və digər sahələrdə yeni biznes imkanlarının yaranmasına səbəb ola bilər.

Tərəflərin qarşılıqlı ticarətin və investisiyaların həcmini artırmaq niyyəti də iqtisadi münasibətlərin gələcək inkişafı baxımından diqqət çəkir.

Bir ildə hansı nəticə ortaya çıxıb?

Beləliklə, 8 avqust 2025-ci ildə imzalanan Memorandum iki ölkə arasında strateji tərəfdaşlıq üçün ilkin çərçivəni müəyyənləşdiribsə, 10 fevral 2026-cı ildə imzalanan Xartiya bu əməkdaşlığın daha geniş sahələrə yayılması üçün əsas yaradıb.

Bir il əvvəl Vaşinqtonda müəyyənləşdirilən niyyətlər sonrakı aylarda konkret əməkdaşlıq istiqamətlərinə çevrilib. Enerji və təhlükəsizliklə yanaşı, regional bağlantı, investisiya, süni intellekt, rəqəmsal infrastruktur və yeni texnologiyalar Azərbaycan-ABŞ münasibətlərinin gündəliyinə daxil edilib.

Bu baxımdan, memorandumun imzalanmasının ildönümü yalnız bir sənədin qəbul edilməsini xatırladan tarix deyil. Həmin tarixdən etibarən Azərbaycan və ABŞ arasında münasibətlərin daha geniş strateji çərçivəyə keçirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir