2026-cı ilin yanvar-avqust aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə Qərbi Avropa ölkələrindən Azərbaycana ümumilikdə 71 845 turist səfər edib. 2025-ci ilin eyni dövründə bu göstərici 67 489 nəfər olub.
Ən çox turist Almaniyadan gəlib
Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin ölkələr üzrə bölgüsü belədir:
- Almaniya – 17 529 nəfər (+13,8%);
- Böyük Britaniya – 16 213 nəfər (+3,4%);
- İtaliya – 9 670 nəfər (+4,7%);
- Fransa – 4 500 nəfər (+3,6%);
- İspaniya – 4 468 nəfər (-7,6%);
- Niderland – 4 189 nəfər (+8,7%);
- Portuqaliya – 2 055 nəfər (+23,8%);
- Belçika – 2 044 nəfər (+11,2%);
- Avstriya – 2 026 nəfər (+5%);
- İsveç – 1 878 nəfər (+10,1%);
- İsveçrə – 1 630 nəfər (+11,7%);
- Yunanıstan – 1 291 nəfər (-15,5%);
- İrlandiya – 1 132 nəfər (+2,4%);
- Norveç – 972 nəfər (-3,4%);
- Danimarka – 953 nəfər (+32,7%);
- Finlandiya – 599 nəfər (+7,3%);
- Lüksemburq – 260 nəfər (-15%);
- İslandiya – 207 nəfər (+39,9%);
- Malta – 176 nəfər (+6%);
- Andorra – 53 nəfər (+341,7%).
Almaniya və Böyük Britaniya TOP-15-də yer alıb
2026-cı ilin avqust ayında Azərbaycana gələn əcnəbilərin sayına görə ilk 15 ölkə arasında Almaniya 2 839 nəfərlə 14-cü, Böyük Britaniya isə 2 325 nəfərlə 15-ci yerdə qərarlaşıb.
Bununla yanaşı, cari ilin ilk səkkiz ayında Azərbaycana gələn əcnəbilərin ümumi sayı 1,585 milyon nəfər təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 1,72 milyon nəfərlə müqayisədə 8 faiz azdır.
Qeyd edək ki, 2025-ci ildə Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 5,28 faiz artaraq 112 446 nəfərə çatıb.

