AzTV-nin zərəri 3,1 dəfə artdı – 4,2 milyon manatı keçdi

AzTV-nin zərəri 3,1 dəfə artdı – 4,2 milyon manatı keçdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2025-ci ili 4 milyon 221 min manat zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə təxminən 3,1 dəfə çoxdur.

Xəbər Yerində Marja-ya istinadən xəbər verir ki, bu barədə AzTV-nin 2025-ci il üzrə müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatında bildirilir.

Hesabatın kapitalda dəyişikliklər bölməsinə əsasən, şirkət 2024-cü ildə 1 milyon 363 min manat zərər edib. Beləliklə, AzTV-nin illik zərəri bir il ərzində 2 milyon 858 min manat və ya təxminən 210 faiz artıb.

Qeyd edək ki, hesabatda mənfəət və zərər haqqında səhifə yer almayıb. İllik zərər kapitalda dəyişikliklər haqqında hesabatdan götürülüb. Buna görə də gəlirlər və xərclər üzrə ayrıca rəqəmlər təqdim edilməyib.

Aktivlər artıb, kapital azalıb

2025-ci il dekabrın 31-nə AzTV-nin cəmi aktivləri 35 milyon 663 min manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 34 milyon 163 min manatla müqayisədə 1 milyon 499 min manat və ya 4,4 faiz çoxdur.

Şirkətin uzunmüddətli aktivləri 30 milyon 82 min manatdan 29 milyon 618 min manata düşüb. Cari aktivləri isə 4 milyon 81 min manatdan 6 milyon 44 min manata yüksəlib.

Hesabat dövründə şirkətin kapitalı 31 milyon 823 min manatdan 27 milyon 602 min manata geriləyib. Beləliklə, AzTV-nin kapitalı bir il ərzində 4 milyon 221 min manat və ya 13,3 faiz azalıb.

Cəmiyyətin nizamnamə kapitalı isə dəyişməyərək 10 milyon 725 min manat səviyyəsində qalıb.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin səhmlərinin 100 faizi Azərbaycan dövlətinə məxsusdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir