Azərbaycan Prokurorluğunun veteranı 70 yaşını qeyd etdi-FOTO

Azərbaycan Prokurorluğunun veteranı 70 yaşını qeyd etdi-FOTO

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun illər prokurorluq orqanlarında fəaliyyət göstərmiş Azərbaycan Prokurorluğunun veteranı İsgəndər Cavadovun 70 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Baş prokuror Kamran Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və digər əməkdaşlar iştirak ediblər.

Baş prokuror İsgəndər Cavadovu təbrik edib

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev yubilyarı 70 illik yaşı münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Kamran Əliyev İsgəndər Cavadovun uzun illər prokurorluq orqanlarında səmərəli xidmət göstərdiyini diqqətə çatdırıb. O, veteran prokurorluq əməkdaşının Azərbaycan idmanının inkişafına verdiyi töhfələri də xüsusi qeyd edib.

Baş prokurorun sözlərinə görə, İsgəndər Cavadov xüsusilə gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və fəallığın dəstəklənməsi istiqamətində mühüm fəaliyyət göstərib.

Gənclər üçün nümunə olduğu vurğulanıb

Tədbirdəki digər çıxışlarda da İsgəndər Cavadovun idman sahəsində uzun illər ərzində gördüyü işlərdən və qazandığı nailiyyətlərdən danışılıb.

Onun gənc nəslin idmana marağının artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin əhəmiyyəti vurğulanıb. İ.Cavadovun həyat və fəaliyyət yolunun gənclər üçün örnək olduğu bildirilib.

“Prezidentin diqqət və qayğısını hər zaman hiss etmişəm”

İsgəndər Cavadov yubileyi münasibətilə ona ünvanlanan təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib.

O, ölkə rəhbərliyinin diqqət və qayğısını hər zaman hiss etdiyini deyərək, bunun nümunəsi kimi Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsini qeyd edib.

İ.Cavadov həmçinin idman sahəsində fəaliyyət göstərdiyi illərdə Ümummilli Lider Heydər Əliyevin də yüksək ehtiram və dəstəyini daim hiss etdiyini xüsusi vurğulayıb.

Veteran prokuror prokurorluq orqanlarında xidmət etməyin onun üçün qürurverici olduğunu bildirib. O, veteran prokurorluq əməkdaşlarına göstərilən diqqət, hörmət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir