“Xəbər Yerində” President.az-a istinadla xəbər verir ki, oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü keçirilib.
Görüşdə Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb. Bu səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Qeyd olunub ki, ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin dinamik inkişafını göstərir.

Əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub
Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi qeyd edilib.
Siyasi və iqtisadi əlaqələrlə yanaşı, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər Xəzər dənizi ilə bağlı məsələlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparıblar.
Azərbaycanın Mərkəzi Asiya formatına üzvlüyü
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşünün Azərbaycanla region dövlətləri arasında tərəfdaşlığın möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Prezident İlham Əliyev tədbirin yüksək səviyyədə təşkilinə görə məmnunluğunu ifadə edib.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladıb. İlham Əliyev bu tarixi təşəbbüsü irəli sürən Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və təşəbbüsü yekdilliklə dəstəkləyən dövlətlərə bir daha minnətdarlığını bildirib.
Sonda dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

