“Xəbər Yerində” Musavat.com-a istinadən xəbər verir ki, Qırğızıstan Sosial-Demokrat Partiyasının (SDPK) rəhbəri, keçmiş prezident Almazbek Atambayevin oğlu Qadır Atambayev barəsində məhkəmə hökmü çıxarılıb.
Bişkekin Birinci May rayon məhkəməsi Qadır Atambayevi əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edib.
Partiyanın digər rəhbərinə 7 il həbs
Dövlət çevrilişi cəhdi işi üzrə SDPK-nın digər əsas fiquru Temirlan Sultanbekov da zorla hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, Sultanbekov 7 il müddətinə azadlıqdan məhrum edilib və onun bütün əmlakı müsadirə olunub.
Cinayət işi üzrə digər şəxslər isə 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Onlar nə ilə ittiham olunurdular?
Qeyd edək ki, Qadır Atambayev və tərəfdarları ölkədə parlament seçkilərindən dərhal sonra qanlı iğtişaşlar törətməkdə, kriminal qrupların köməyi ilə dövlət binalarını, hüquq-mühafizə orqanlarını və telekanalları ələ keçirmək planında ittiham olunaraq xüsusi əməliyyat zamanı saxlanılıblar.
Atambayevin özü də həbs cəzası alıb
Almazbek Atambayevin ailəsinin məhkəmə qalmaqalı bununla məhdudlaşmır.
SDPK-nın banisi və Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev də 2025-ci ilin iyununda qiyabi olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun İspaniyada gizləndiyi bildirilir.


