Bu gün – oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Xəbər Yerində xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Bununla da Azərbaycan xalqının müstəqil dövlət qurmaq arzusu hüquqi-siyasi müstəvidə təsdiqini tapıb.
1991-ci il dekabrın 29-da keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı təsdiqlənib.
Azərbaycan 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətini yaradaraq müstəqilliyini elan etmişdi. Lakin 1920-ci ilin aprelində ölkənin müstəqilliyinə son qoyulmuş və Azərbaycan sovet hakimiyyətinin tərkibinə daxil edilmişdi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olub. Müstəqillik illərində ölkəmiz dövlət quruculuğu, iqtisadi inkişaf və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb.
2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin imzaladığı qanunla 18 oktyabr – Müstəqilliyin Bərpası Günü elan edilib.
Bu əlamətdar gün Azərbaycan xalqının azadlıq iradəsini, milli birliyini və müstəqil dövlətçilik ənənələrinə bağlılığını ifadə edir.

