Fransada həyat bahalılığına qarşı keçirilən kütləvi etirazlar iğtişaşlara çevrilib. Nümayişlər zamanı “Rolex” və “Louis Vuitton” da daxil olmaqla lüks brendlərin mağazaları qarət edilib.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Oktyabrın 17-də Fransanın bir sıra şəhərlərində keçirilən aksiyalar zamanı maskalı şəxslər mağazaların vitrinlərini sındıraraq içəridəki məhsulları götürüblər. Parisdə və digər şəhərlərdə lüks brendlərlə yanaşı, supermarketlər və elektronika mağazaları da qarətçilərin hədəfinə çevrilib. Beynəlxalq media orqanlarının məlumatına görə, iğtişaşlar zamanı ictimai binalara da ziyan dəyib, avtomobillər yandırılıb.
Etirazlar əsasən həyat bahalılığı, artan gündəlik xərclər və təhsil sahəsindəki problemlərlə bağlı narazılıqlardan qaynaqlanıb. Aksiyaların bir hissəsi əvvəlcə dinc keçsə də, sonradan nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Fransanın daxili işlər naziri Laurent Nuñez ölkə üzrə aksiyalarda təxminən 550 min nəfərin iştirak etdiyini bildirib. Rəsmilərin açıqlamasına əsasən, hadisələrlə əlaqədar 1 200 nəfər saxlanılıb, 150 polis əməkdaşı isə xəsarət alıb.
Fransa Prezidenti Emmanuel Makron zorakılıq və dağıntıları pisləyərək hadisələrdə iştirak edənlərin məsuliyyətə cəlb olunacağını bildirib.

