Xəbər Yerində xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa investisiyaların ümumi məbləği təxminən 5 milyard ABŞ dolları olub.
APA-Economics-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının nəticələri ilə bağlı keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, xaricə investisiya axını hesabat dövründə ölkənin kapital və maliyyə hesabında yaranan kəsirə təsir edən əsas amillərdən biri olub. Birbaşa investisiyalar üzrə xalis göstəricidə isə təxminən 4 milyard dollarlıq mənfi saldo qeydə alınıb.
Azərbaycan şirkət və investorlarının vəsait yönəltdiyi əsas ölkələr sırasında İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan yer alıb.
Eyni dövrdə xarici investorların Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 3,6 milyard dollar təşkil edib. Bu investisiyalarda Böyük Britaniya, Türkiyə, Çin, Rusiya və İran əsas paya sahib ölkələr kimi göstərilib.
Samir Nəsirov həmçinin bildirib ki, xaricdəki birbaşa investisiyalar hesabına 3,8 milyard dollar vəsait Azərbaycana geri qaytarılıb. Repatriasiya olunan məbləğin əhəmiyyətli hissəsinin xammal və təbii qaz sektorları ilə əlaqəli olduğu qeyd edilib.

