Bakı-Tbilisi qatarında yeni reyslər: Biletlər 36 manatdan başlayacaq

Bakı-Tbilisi qatarında yeni reyslər: Biletlər 36 manatdan başlayacaq

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək. Bu isə təxminən 50 faiz artım deməkdir.

Biletlərin qiyməti 36 manatdan başlayacaq

Əlavə reyslərdə standart sinif üzrə (əvvəlki plaskart vaqonlar) biletlərin qiyməti 36 AZN-dən başlayacaq. Yeni aşağıbüdcəli səyahət seçimi sərnişinlərə 30 faiz daha ucuz qiymətə səfər etmək imkanı yaradacaq.

Bir istiqamət üzrə minimum gediş haqları belə olacaq:

  • Bakı–Tbilisi – 54 AZN;
  • Yevlax–Tbilisi – 44 AZN;
  • Gəncə–Tbilisi – 41 AZN;
  • Ağstafa–Tbilisi – 38 AZN;
  • Böyük Kəsik–Tbilisi – 36 AZN.

Müqayisə üçün qeyd edək ki, hazırda “Stadler” vaqonlarında komfort sinif üzrə Bakıdan Tbilisiyə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56,80 AZN təşkil edir.

Qatarların yeni hərəkət cədvəli

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.

Qatar Tbilisidən saat 11:00-da hərəkətə başlayacaq və saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.

Əlavə reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstanın paytaxtına çatacaq.

Əks istiqamətdə qatar saat 22:00-da Tbilisidən yola düşərək növbəti gün saat 07:57-də Bakıda olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir