Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlət başçısını energetika naziri Pərviz Şahbazov, Çinin Azərbaycandakı səfiri Lu Mey və “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan qarşılayıblar.
Prezidentə stansiya, “Universal Energy” şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Şanxayda yaradılan şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir, həmçinin Çinlə yanaşı Qazaxıstan və Özbəkistanda bərpaolunan enerji layihələri həyata keçirir.
“Qobustan” Günəş Elektrik Stansiyasının yerləşdiyi ərazi ilə bağlı qərar 2023-cü ildə qəbul edilib. Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilib. Daha sonra ərazi stansiyanın tikintisi üçün hərraca çıxarılıb və “Universal International Holdings Limited” 2024-cü ildə hərracın qalibi olub.
Layihə Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk günəş elektrik stansiyası layihəsidir. Eyni zamanda, bu, “Universal Energy” şirkətinin ölkəmizdə reallaşdırdığı ilk layihədir.
Stansiyada günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tamamlanıb.
Stansiyanın illik təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu, hər il təxminən 45 milyon kubmetr təbii qaza qənaət edilməsinə və atmosferə atılan karbon emissiyalarının 97 min ton azaldılmasına imkan verəcək.
Qeyd edək ki, “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt-a, stansiyaların sayı isə 85-ə çatacaq.
Hazırda ölkədə 65 su elektrik stansiyası 1443,5 MVt, 6 külək elektrik stansiyası 306,5 MVt, 9 günəş elektrik stansiyası 278,2 MVt, 3 hibrid elektrik stansiyası 7,3 MVt və 1 bioelektrik stansiya 37 MVt gücündədir.
Bərpaolunan enerji mənbələrinin ümumi enerji gücündə payı hazırda təxminən 20,8 faizdir.
Azərbaycanda yaşıl enerjinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. İqtisadi potensial 27 QVt təşkil edir. Bunun 23 QVt-ı günəş, 3 QVt-ı külək enerjisinin payına düşür. Bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt hesablanır.
2027-ci ilin sonunadək Azərbaycanda təxminən 1,5 QVt gücündə yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrin elektrik enerjisi təminatına töhfə verməklə yanaşı, təbii qaz sərfiyyatının və karbon emissiyalarının azaldılmasına imkan yaradacağı bildirilir.





















