Xəbər Yerində “APA”ya istinadən xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) öz işinə başlayıb.
Forum dünyanın aparıcı investorlarını, dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının nümayəndələrini və biznes liderlərini bir araya gətirib.
Forum iki gün davam edəcək
İqtisadiyyat Nazirliyi ilə **“The European House – Ambrosetti & TEHA Group”**un strateji tərəfdaşlığı çərçivəsində təşkil olunan beynəlxalq tədbir iki gün davam edəcək.
Forumun builki əsas mövzusu **“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi”**dir.
Tədbirin əsas məqsədləri arasında yeni tərəfdaşlıqların qurulması, Azərbaycana investisiyaların cəlb olunması və yeni iqtisadi imkanların formalaşdırılması xüsusi yer tutur. Forum çərçivəsində konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyət mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Qlobal iqtisadi proseslər və investisiya imkanları müzakirə ediləcək
Forum çərçivəsində keçiriləcək panel və sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiya mühitinə təsiri müzakirə olunacaq.
Bununla yanaşı, Azərbaycanın mövcud strateji mövqeyi, Cənubi Qafqazda regional bağlantı imkanları, investisiya perspektivləri və müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
Yeni əməkdaşlıq sənədləri imzalanacaq
Beynəlxalq tədbir çərçivəsində Azərbaycan qurumları ilə xarici şirkətlər və tərəfdaşlar arasında əməkdaşlığa dair müxtəlif sənədlərin imzalanması və qarşılıqlı mübadiləsi də planlaşdırılır.
Forumun yeni investisiya istiqamətlərinin və beynəlxalq əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılardakı rolunun daha da genişlənməsinə və perspektivli layihələrin həyata keçirilməsinə töhfə verməsi gözlənilir.
Prezident İlham Əliyevin müraciəti oxunub
Forum iştirakçılarına Prezident İlham Əliyevin müraciəti də ünvanlanıb.
Dövlət başçısının müraciətini tədbirdə Baş nazirin müavini Samir Şərifov oxuyub.

