Xəbər Yerində “Axşam.az”a istinadən xəbər verir ki, bloger cütlük Ülvi və Fatimə Əhmədovanın yeni tikdirdiyi ev yağışdan sonra su basması səbəbilə ciddi zərər görüb.
Yağan yağış zamanı evə pəncərələrdən su dolub. Fatimə Əhmədova sosial şəbəkədə paylaşım edərək yeni təmir olunan evin yararsız vəziyyətə düşdüyünü bildirib.
Bloger qeyd edib ki, bir müddət əvvəl izləyiciləri ondan ev üçün sifariş etdiyi pəncərələrin haradan alındığını soruşublar. O isə məhsulu gecikdirildiyinə görə tövsiyə etmədiyini deyib.
“Bu 10 ayda hər zaman ödənişini etdiyim, aldığım məhsulları izləyicilərimlə bölüşmüşəm ki, halal olsun, sağ olun, keyfiyyətli iş görmüsünüz. Təmənnasız dəstək olduğum şirkətlər çoxdur. Çünki bu işi görürəmsə, izləyicilərimlə də bölüşüb onlara tövsiyə etməliyəm.
Dörd ay əvvəl məndən pəncərələri soruşanlara bildirdim ki, gec gətiriblər, ona görə tövsiyə etmirəm. Nə də səhifəni sizinlə bölüşmək fikrim yox idi. Yaxşı ki, bölüşməmişəm. Bir yağışa baxırmış evin pis günə düşməsi”, – deyə Fatimə bildirib.
O, illərlə arzuladığı bağ evini tikmək üçün böyük zəhmət çəkdiyini vurğulayıb:
“Təsəvvür edin ki, illərdir xəyalını qurursunuz bağ evinizin. Buna görə evinizi, maşınınızı satırsınız, kreditə girirsiniz, gecə-gündüz işləyib ev tikməyə çalışırsınız. Evin bitməsinə az qalmış bir səhər açılır və görürsən ki, evi su basıb, bütün divarlar üstünə gəlir. Nə edərsiniz?
Söhbət pəncərədən gedir. Pəncərələrin hamısı yağışda su buraxıb, bütün yağış evə dolub. Əsəbdən nə hala düşdüyümü təsəvvür belə edə bilməzsiniz. Hamı əziyyət çəkir, pul yığır, özünə gün ağlayır. Və əziyyətinin qarşılığında işini tələb edir”.
Fatimə məsələ həll edilmədiyi təqdirdə şirkətin adını açıqlayacağını da bildirib:
“Ona görə susub gözləyirəm. Əgər həll olunmasa, bu məsələni, şirkəti də paylaşacam. Hələlik o tərəfə də keçəcəm. Hələ ki səbir edirəm. Gör nə qədər harınlamış insanlar var həyatda. 24 saat vaxt verirəm, ya bu məsələ həll olacaq, ya da sizi bütün ölkəyə biabır edəcəyəm”.
Bloger daha sonra evdə aparılan işlər barədə də məlumat verib. Onun sözlərinə görə, pəncərələrin sökülməsinə başlanılıb, yağışdan zərər görən divarlar isə yenidən təmir olunacaq.
“Hal-hazırda qırıntılardan sonra pəncərələr bu gün sökülməyə başlayıb. Bilmirəm, sabah yenə damacaq, ya yox. Evin pəncərə olan divarları pis vəziyyətdədir, yenidən təmir olunacaq”, – deyə Fatimə qeyd edib.

