Sosial şəbəkələrdə ideal görünüşə sahib olmaq uğrunda mübarizə gəncləri təhlükəli addımlar atmağa sövq edir. Son dövrlərdə 15-26 yaş arası şəxslər arasında üz cizgilərini daha sərt göstərmək, çənə xəttini kəskinləşdirmək və almacıq sümüklərini qabarıqlaşdırmaq məqsədi daşıyan “Bonesmashing” adlı təhlükəli trend yayılıb.
Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, bu trendə qoşulanlar istədikləri üz formasını əldə etmək üçün çəkiclə üz sümüklərinə zərbələr endirirlər. Mütəxəssislər isə bunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Çəkiclə zərbələr hansı fəsadlara səbəb olur?
Həkimlərin sözlərinə görə, üz sümüklərinə qəsdən zərbələr endirmək sümük sınıqları, qanaxma, sinir zədələnməsi və hissiyyat itkisi kimi ağır fəsadlara yol aça bilər. Xarici ölkələrdə göz yuvası, almacıq sümüyü və çənə sınıqları, eləcə də beyin qanaması ilə nəticələnən hallar qeydə alınıb.
Bundan başqa, belə zərbələr üz nahiyəsində asimmetriyaya, əzələlərin zədələnməsinə və atrofiyaya səbəb ola bilər. Üz nahiyəsində yerləşən damar və sinirlərin zədələnməsi də ciddi problemlər yaradır.
Mütəxəssislər bildirirlər ki, xüsusilə çənə bucağına və çənə ucuna dəyən zərbələr gicgah-çənə oynağına zərər verə, mikrotravmalar isə oynaq diskində deformasiyalara gətirib çıxara bilər. Ağır hallarda reanimasiya tələb edən vəziyyətlər və beyin qişalarının iltihabı kimi fəsadlar da yarana bilər.
Gəncləri təhlükəli trendə nə vadar edir?
Psixoloqların fikrincə, bu cür davranışların arxasında sosial mühitin təsiri, gözəllik standartları və gənclərin öz xarici görünüşündən narazılığı dayanır.
Mütəxəssislər qeyd edirlər ki, yeniyetmələr sosial şəbəkələrdə gördükləri obrazlara uyğunlaşmağa və müəyyən qruplar tərəfindən qəbul olunmağa çalışırlar. Nəticədə bəyənilmək və ideal görünüşə sahib olmaq istəyi onların sağlamlıqlarını təhlükəyə atmasına səbəb ola bilər.
Psixoloqların fikrincə, görünüşü dəyişmək naminə üz sümüklərinə çəkiclə zərbələr endirmək normal davranış deyil və ciddi psixoloji problemlərin göstəricisi ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsul arzulanan estetik nəticəni təmin etmir, əksinə, qalıcı xəsarətlərə səbəb ola bilər. Gənclər sosial şəbəkələrdə yayılan hər trendin təhlükəsiz olmadığını nəzərə almalı və sağlamlıqlarını riskə atmamalıdırlar.

