Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çinin xarici işlər naziri Van İ arasında geniştərkibli görüş keçirilib.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat verilib.
Görüş zamanı nazirlər Azərbaycan və Çin xalqları arasında yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və dostluğun ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayıblar.
Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətli inkişafını müsbət qiymətləndiriblər. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmaların iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Həmçinin 2027-ci ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi diqqətə çatdırılıb.
İqtisadi əməkdaşlıq və Orta Dəhliz müzakirə olunub
Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Azərbaycanın Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu oynadığı vurğulanıb. Orta Dəhlizin regional və regionlararası əlaqələrin gücləndirilməsində artan əhəmiyyəti xüsusi qeyd olunub.
Tərəflər BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.



Ermənistanla sülh prosesi barədə məlumat verilib
Görüşdə regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb. Mövcud çağırışların aradan qaldırılmasında davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.
Ceyhun Bayramov çinli həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Ceyhun Bayramov Bakıya işgüzar səfərə gələn Çinin xarici işlər naziri Van İni qarşılayıb.

