Çinin aparıcı logistika şirkətlərindən olan “Neptune Logistics Group” Abşeron Logistika Mərkəzində nümayəndəliyini açıb.
Açılış mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, aparıcı logistika şirkətlərinin rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Şirkətin xarici satış direktoru Maggie Zhong bildirib ki, Bakıda fəaliyyətə başlamaları “Neptune Logistics Group”un Avrasiya logistika şəbəkəsinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yerləşməsi Çinlə Avrasiya bazarları arasında yükdaşımalarının daha səmərəli təşkilinə imkan verir.
Qeyd olunub ki, Bakıda yaradılan Trans-Xəzər Əməliyyat Mərkəzi müştərilərə daha operativ və etibarlı logistika xidmətləri təqdim etməklə yanaşı, regional tərəfdaşlıqların və təchizat zəncirinin dayanıqlığının gücləndirilməsinə də töhfə verəcək.
Məlumata görə, “Neptune Logistics Group” Çin Dəmir Yolu Ekspresi (CR Express) vasitəsilə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Qafqaz və digər regionlara beynəlxalq dəmir yolu yükdaşımaları həyata keçirir. Şirkət həmçinin multimodal və hava daşımaları, sərhədlərarası elektron ticarət logistikası, anbar, gömrük və təchizat zəncirinin idarə olunması sahələrində xidmət göstərir.
Şirkətin Abşeron Logistika Mərkəzində fəaliyyətə başlamasının Azərbaycan ilə Çin arasında logistika və iqtisadi əməkdaşlığın inkişafına, Trans-Xəzər marşrutu üzrə yükdaşımalarının artmasına, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində regional əlaqələrin genişlənməsinə və Azərbaycanın beynəlxalq logistika qovşağı kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.
Mənbə: Qafqazinfo





