Xəbər Yerində xəbər verir ki, ağır cinayətlərdə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsindən bir il ötüb.
İş adamı ötən ilin sentyabrından Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Onun həbsi ictimaiyyət üçün gözlənilməz olub və geniş müzakirələrə səbəb yaradıb.
Əhmədzadə rəsmi məlumatdan sonra iqtisadi təhlükəsizliyə qarşı təxribat törətməkdə və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunub. Onun barəsində əvvəlcə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb.
Qanunvericiliyə görə, bu kateqoriyadan olan cinayətlər üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə həbsdə saxlanılmasının müddəti müəyyən hallarda uzadıla bilər. Hazırda cinayət işi üzrə ibtidai istintaqın davam etdiyi bildirilir.
Adnan Əhmədzadənin şəxsi həyatı da uzun müddət ictimaiyyətin diqqətində olub. Onun həbsindən sonra həyat yoldaşı Gülsəfa Cəfərovanın ölkəni tərk etdiyi məlum olub. Cəfərova həmin vaxtdan sosial şəbəkə hesablarında həyat yoldaşının həbsi ilə bağlı hər hansı paylaşım etməyib.
Qeyd edək ki, Adnan Əhmədzadə daha əvvəl SOCAR-da investisiyalar və marketinq istiqamətində rəhbər vəzifələrdən birində çalışıb. O, sonrakı biznes fəaliyyəti ilə beynəlxalq neft sektorunda tanınan iş adamlarından birinə çevrilib.
Əhmədzadənin adı həmçinin dünya futbolunun məşhur simaları ilə münasibətləri ilə də gündəmə gəlib. Onun Ronaldinyo, Lionel Messi və Luis Suarez kimi ulduzlarla tanışlığı sosial şəbəkələrdə və mediada geniş maraq doğurub.
Mənbə: Qafqazinfo




