Xəbər Yerində xəbər verir ki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi, polkovnik Elnur Süleymanov və həmin idarənin daha üç keçmiş əməkdaşı barədə cinayət işi üzrə məhkəmə araşdırmasına start verilib.
İşə Bakı Hərbi Məhkəməsinin sədri, hakim Zeynal Ağayev baxır. Süleymanovla yanaşı, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların dördü də hazırda azadlıqdadır.
İlk məhkəmə iclası media nümayəndələri üçün qapalı keçirilib. İclas zamanı təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib və ilkin dinləmələr aparılıb.
Keçmiş nazirlik əməkdaşları 1 milyon manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar. İttihamlar məhkəmədə sübuta yetirilərsə, onları 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Məhkəmə istintaqının qapalı aparılmasına və təqsirləndirilən şəxslərin həbs edilmədən azadlıqda qalmasının davam etdirilməsinə qərar verilib. İş üzrə növbəti, əsas məhkəmə iclası oktyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, Elnur Süleymanov daha əvvəl Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı hazırladığı hesabatla gündəmə gəlmişdi. Hesabatda Sadıkov üçün 6 dəst armudu stəkanın alınmasına 21 min manat vəsait xərcləndiyi göstərilib.
Sənəddə həmçinin hər birinin qiyməti 100 manat olan 80 çaxırın alındığı və bunun üçün ümumilikdə 8 min manat ödənildiyi qeyd olunub.
Mənbə: Qafqazinfo

