Nepal-Çin sərhədində baş verən təbii fəlakətin nəticələri ağırlaşıb. Nepalda daşqın və sel nəticəsində 332 nəfər ölüb, 826 nəfərdən xəbər yoxdur.
Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Qurumunun məlumatına görə, itkin düşənlər arasında 539 turist də var. Axtarış-xilasetmə işlərinə 2 min hərbçi və 3 318 polis əməkdaşı cəlb edilib.
Fəlakət zəlzələ nəticəsində baş verməyib
ABŞ Geoloji Xidmətinin araşdırmasına əsasən, ilkin ehtimalların əksinə, hadisəyə zəlzələ səbəb olmayıb. Mütəxəssislər fəlakətin buzlaqın çökməsi və dağıntı axını nəticəsində baş verdiyini müəyyənləşdiriblər.
Bildirilib ki, bu proses aşağı ərazilərdə dağıdıcı təsirə malik selə səbəb olub.
Çində də ölən və itkin düşənlər var
Çinin Tibet Muxtar Bölgəsinin Gyirong ərazisində torpaq sürüşməsi nəticəsində 3 nəfər həyatını itirib, 558 nəfər itkin düşüb. İtkinlərdən 260-nın xarici ölkə vətəndaşı olduğu bildirilir.
Nepal ərazisində baş verən sel və torpaq sürüşməsinin Gyirong limanına da ciddi ziyan vurduğu qeyd edilir. Liman Çinin Nepal ilə ticarətində əsas keçid məntəqələrindən biri hesab olunur.
Nepal üçün beynəlxalq yardım səfərbər edilib
Fəlakətin ardından müxtəlif ölkə və beynəlxalq təşkilatlar Nepal üçün yardım göndərməyə başlayıb. Hindistan 10 ton humanitar yardım, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası isə Nepal Qızıl Xaçının fəaliyyətinə dəstək məqsədilə 1,24 milyon dollar təcili maliyyə vəsaiti ayırıb.
ABŞ isə fəlakətin nəticələrinin aradan qaldırılması üçün 500 min dollar maliyyə dəstəyi göstərib. Dünya Səhiyyə Təşkilatı da ölkəyə təcili tibbi ləvazimatlar göndərib.

