“Sabah”ın baş məşqçisinin heyrətamiz həyatı: Milyonçu şousundan ÇL-a-VİDEO

“Sabah”ın baş məşqçisinin heyrətamiz həyatı: Milyonçu şousundan ÇL-a-VİDEO

“Sabah”ı Çempionlar Liqasına çıxaran məşqçinin qeyri-adi həyat hekayəsi

Azərbaycanın “Sabah” futbol klubu İsrailin “Hapoel” (Beer-Şeva) komandasını məğlub edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

“Xəbər Yerində” xəbər verir ki, Bakı təmsilçisinin bu uğurunda baş məşqçi Valdas Dambrauskasın da böyük rolu olub.

Litvalı mütəxəssisin futbolda keçdiyi yol isə heç də ənənəvi olmayıb. 1977-ci ildə Litvanın Pakruoyis şəhərində anadan olan Dambrauskas futbolçu kimi yalnız həvəskar səviyyədə çıxış edib. O, ölkəsinin 3-cü liqasında oynadıqdan sonra universitetə daxil olaraq mühəndislik təhsili alıb.

Lakin onun həyatında gözlənilməz dönüş baş verib. Dambrauskas Litvada yayımlanan “Sesi Nuliai – Milijonas” (“Altı sıfır – Bir milyon”) adlı televiziya yarışmasına qatılıb və burada 4 min Litva litası, indiki məzənnə ilə təxminən 3 min manat pul qazanıb.

O, qazandığı vəsaitlə sevgilisi, hazırkı həyat yoldaşı İnqrida Dambrauskiene ilə birlikdə İngiltərəyə köçmək qərarına gəlib. Londonda London Metropolitan Universitetinin idman elmləri və məşqçilik fakültəsində təhsil almağa başlayıb.

“Mançester Yunayted”ə müraciət etdi və qəbul olundu

İngiltərədə həm müxtəlif işlərdə çalışan, həm də təhsil alan Dambrauskas futbol sahəsində özünü inkişaf etdirmək üçün “Mançester Yunayted”in akademiyasına müraciət edib.

İngilis dilini həmin dövrdə kifayət qədər yaxşı bilməməsinə baxmayaraq, onun futbol üzrə bilikləri akademiyaya qəbul olunmasına imkan verib.

Bundan sonra litvalı mütəxəssis təcrübə toplamaq məqsədilə “Fulhem” və “Brentford”da çalışıb. Ardınca İngiltərənin 9-cu liqasında çıxış edən “Kingsbury London Tigers” klubunun baş məşqçisi təyin olunub.

Eyni zamanda Dambrauskas Litvanın müxtəlif yaş qrupları üzrə milli komandalarında – U-17, U-18 və U-19-da fəaliyyət göstərib.

Litvada başlayan məşqçilik karyerası

2011-ci ildə Dambrauskas ölkəsinin tanınmış klublarından “Ekranas”a dəvət alıb və burada köməkçi məşqçi kimi fəaliyyətə başlayıb. Üç il sonra komandanın baş məşqçisi olsa da, bu vəzifədə uzun müddət qalmayıb.

Daha sonra onun karyerası müxtəlif ölkələrdə davam edib. Dambrauskas “Jalqiris”, RFS, “Qoritsa”, “Ludoqorets”, “Hayduk” (Split) və OFİ (Krit) kimi klublarda çalışıb.

2024-cü ildə Kiprin “Omoniya” klubuna rəhbərlik edən mütəxəssis komandanı Konfrans Liqasının Liqa mərhələsinə çıxarmağı bacarıb. Lakin qrup mərhələsində “Legiya”ya 0:3 hesabı ilə uduzduqdan sonra klubdan ayrılıb.

Dambrauskasın “Sabah”dan əvvəlki son iş yeri isə Macarıstanın “Dioşdyör” klubu olub.

İndi isə 49 yaşlı mütəxəssis “Sabah”la Azərbaycan futbolunun tarixində yeni səhifə açıb və komandayı UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıyıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir