“Darıxmışam, məni qucaqla” deməyə niyə çəkinirik?

“Darıxmışam, məni qucaqla” deməyə niyə çəkinirik?

Niyə yaş artdıqca sevgimizi ifadə etmək çətinləşir? Psixoloq səbəbini açıqladı

Nəvaziş göstərmək vərdişi uşaqlıqdan formalaşır. Lakin yaş artdıqca insanlar hisslərini açıq ifadə etməkdə çətinlik çəkirlər.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, rusiyalı psixoloq Yekaterina Molniya bu barədə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, ailədə uşağa göstərilən münasibət onun yetkinlik dövründəki davranışlarına təsir edir. Valideynlərin övladlarına münasibəti gələcəkdə onların sevgini necə ifadə edəcəyini müəyyənləşdirən əsas modellərdən biridir.

Psixoloq bildirib ki, əvvəlki nəsillərin nümayəndələri daha çox yaşamaq, işləmək və uşaqlarının əsas ehtiyaclarını qarşılamaq barədə düşünürdülər. Onlar üçün övladlarını yedizdirmək, yatızdırmaq, xəstəliklərdən qorumaq, təmiz saxlamaq və təhsillərinə nəzarət etmək əsas vəzifələr hesab olunurdu.

Bəzi hallarda uşaqların tərbiyəsində sərt cəzalardan da istifadə edilirdi. Valideynlər bunu səmimi şəkildə sevginin və qayğının bir hissəsi hesab edə bilirdilər. Həmin dövrdə zəiflikləri və hissləri açıq şəkildə ifadə etmək isə çox vaxt qəbul olunmurdu.

Yekaterina Molniyanın fikrincə, bu yanaşmalar insanların böyüdükdən sonra da emosiyalarını gizlətməsinə səbəb ola bilər. Belə insanlar sevgiyə və yaxınlığa ehtiyac duysalar da, bunu açıq demək əvəzinə iş, alış-veriş və ya gələcək planlar barədə danışmağa üstünlük verirlər.

Psixoloq vurğulayıb ki, nəvaziş göstərmək yalnız uşaqlıqda formalaşan bir xüsusiyyət deyil, yetkinlik dövründə də inkişaf etdirilə bilən vərdişdir.

Ekspert bunun üçün gündəlik ünsiyyətə bayram günlərindəki münasibət kimi yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, insanlar ad günləri və digər xüsusi günlərdə yaxınlarına sevgilərini ifadə etməyə daha rahat yanaşır, onlara nə qədər dəyər verdiklərini söyləməkdən çəkinmirlər.

Ancaq adi günlərdə eyni sözləri demək bəzən yöndəmsiz görünür. İnsanlar sentimental təsir bağışlamaqdan, qarşı tərəfin zarafatı ilə üzləşməkdən və ya soyuq münasibət görməkdən qorxa bilirlər.

Molniya hesab edir ki, bu maneəni aradan qaldırmaq üçün xüsusi günlərdə hisslərimizi necə ifadə etdiyimizi xatırlamalı və həmin səmimiyyəti gündəlik həyatımıza da gətirməliyik. Yaxınlarımıza xoş sözlər söyləmək, onları qucaqlamaq və dəyərli olduqlarını hiss etdirmək üçün bayramı gözləməyə ehtiyac yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir