Bakıda bir nəfərin ölümü, bir neçə nəfərin isə bıçaqlanması ilə nəticələnən kütləvi dava ilə bağlı yeni təfərrüatlar məlum olub. Hadisənin iştirakçılarından birinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə olduğu bildirilir. Deputatın digər oğlu Orxan Əlizadənin isə hakim olduğu qeyd edilir.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, davaya biznes münasibətləri zəminində yaranan mübahisənin səbəb olduğu iddia edilir.
Məlumata görə, kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınan Əhməd Əlizadə hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Deputatın digər oğlu hakimdir
Yayılan məlumatlarda bildirilir ki, deputat Arzuxan Əlizadənin iki oğlu var. Onlardan Əhməd Əlizadənin adı qanlı davada hallanır, digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir.
9 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daha əvvəl yayılan məlumatlarda davanın digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslərin də saxlanıldığı qeyd olunub. Onların Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlətdikləri iddia edilir.
Xatırladaq ki, kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma davam edir.

