Xəbər Yerində Azxəbər.com-a istinadən xəbər verir ki, Bakı sakini Milli Məclisin deputatı, parlament sədrinin müavini Fəzail İbrahimli ilə bağlı şikayət edib.
Musavat.com-un redaksiyasına müraciət edən 42 yaşlı Xəyal Əsədov deputatla bağlı başına gəldiyini iddia etdiyi hadisədən danışıb.
“Məni apardılar, orada bildim ki, deputatdır”
Dörd uşaq atası olduğunu və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən Əsədov hadisənin avqustun 3-də Yeni Yasamal ərazisində fəaliyyət göstərdiyi meyvə-tərəvəz satış nöqtəsində baş verdiyini deyib.
Onun sözlərinə görə, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Əsədov əvvəlcə qarpızlardan birini kəsib və içinin ağ olduğunu görüb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.
Şikayətçinin iddiasına görə, həmin şəxs ondan kim olduğunu soruşub. Əsədov isə qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı nalayiq ifadə işlətmədiyini bildirib.
“Mən onu həqiqətən tanımamışdım. 15 dəqiqə keçmədi, Yasamal ərazisindən çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir”, – deyə o bildirib.
Bıçaqla bağlı iddia
Xəyal Əsədovun sözlərinə görə, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb.
Onun iddiasına əsasən, deputatın özünü bıçaqla hədələdiyini bildirməsindən sonra məsələ araşdırılıb. Əsədov bildirib ki, hadisə yerindəki təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib.
“Bölmə rəisi və digər əməkdaşlar kameraya baxdılar. Gördülər ki, mən bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə qarpızı kəsmişəm, sonra da bıçağı kənara qoymuşam. Səhəri gün məni buraxdılar və 50 manat cərimə olundum”, – deyə şikayətçi bildirib.
“İş yerimi sökdülər”
Əsədovun sözlərinə görə, əsas problem hadisədən sonra başlayıb.
O iddia edib ki, işlədiyi satış yeri sökülüb və bunun nəticəsində ailəsini dolandırmaq üçün əvvəlki gəlir mənbəyindən məhrum olub.
“Gəldim gördüm ki, yerimi sökürlər. Mən iki aydır zülm, əziyyət çəkirəm. Çörəyimdən olmuşam. Küçənin qırağında, səkinin kənarında alver edib dörd bala böyüdürəm”, – deyə o söyləyib.
Dörd övladının olduğunu bildirən Əsədov uşaqlarından birinin ali təhsil aldığını, digər üçünün isə məktəbdə oxuduğunu qeyd edib.
O, hazırda övladlarının məktəb ləvazimatları və geyimlərini almaqda çətinlik çəkdiyini deyib.
“Mən özüm birtəhər dözərəm. 90-cı illərin aclığını görmüşəm. Amma uşaqlar bu əziyyətə dözə bilmirlər. Mənə görə onların da psixoloji əziyyət çəkdiyini görürəm”, – deyə Əsədov bildirib.
Deputat iddiaları təkzib edib
Məsələ ilə bağlı Musavat.com Milli Məclisin deputatı Fəzail İbrahimli ilə əlaqə saxlayıb.
Deputat bildirib ki, sözügedən məsələ ilə aidiyyəti qurumlar məşğul olur. O, şikayətçinin səsləndirdiyi iddiaların doğru olmadığını bildirib və hadisənin detalları ilə bağlı əlavə açıqlama verməyib.
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclisin deputatı və parlament sədrinin müavinidir.

