Deputatdan tıxac probleminə qarşı yeni təklif – Dərslər saat 10:00-da başlaya bilər

Deputatdan tıxac probleminə qarşı yeni təklif – Dərslər saat 10:00-da başlaya bilər

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatlarının dəyişdirilməsi məsələsi gündəmə gələ bilər.

Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 15-dən etibarən paytaxtda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addım nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanması məqsədi daşıyır.

Lakin iş qrafiklərinin dəyişdirilməsinin tıxac problemini tam aradan qaldırmaq üçün kifayət etmədiyi bildirilir. Sıxlığa təsir edən amillərdən biri də ali təhsil müəssisələrində tələbələrin sayının çox olmasıdır. Xüsusilə universitetlərdə dərslərin başlama və bitmə saatlarının iş yerlərinin qrafiki ilə üst-üstə düşməsi nəqliyyat sıxlığını artırır.

Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına kömək edə bilərmi?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Deputat məktəblərdə də dərs saatlarının dəyişdirilməsini mümkün sayır

Mehriban Vəliyevanın fikrincə, növbəti illərdə nəqliyyat sıxlığının azaldılması üçün ali təhsil müəssisələri ilə yanaşı, ümumi təhsil məktəblərində də dərs saatları dəyişdirilə bilər.

Deputat bildirib ki, təhsil müəssisələrində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək variantlardandır:

“Ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir.

Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir.

Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər”.

İbtidai siniflərdə dərslər saat 10:00-da başlaya bilər

Deputat tətbiq oluna biləcək yeni dərs qrafikləri ilə bağlı da təkliflərini bölüşüb. Onun sözlərinə görə, ibtidai siniflərdə dərslərin səhər saat 08:00–09:00 əvəzinə 10:00–11:00 aralığında başlanması və ya tam orta təhsil səviyyəsində dərs cədvəlinin fərqli şəkildə təşkili müzakirə edilə biləcək variantlardandır.

Mehriban Vəliyeva qeyd edib ki, bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər.

Universitetlərdə dərslərin başlama və bitmə vaxtları dəyişdirilə bilər

Deputat ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsini, tədrisin başlama və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsini mümkün variantlar kimi qiymətləndirib.

Onun fikrincə, belə yanaşma nəqliyyat vasitələrinin hərəkətində pik saatlarda yaranan sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər.

Bununla belə, Mehriban Vəliyeva təklif olunan mexanizmlərin səmərəliliyinin nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir