Dron hücumunda həlak olan azərbaycanlı kapitan polkovnik imiş

Dron hücumunda həlak olan azərbaycanlı kapitan polkovnik imiş

“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qara dənizin Rumıniya sahillərində “Palmali” şirkətinə məxsus yük gəmisinin dronla vurulması nəticəsində azərbaycanlı kapitan Rüstəm Həsənov həlak olub, 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb.

Həlak olan kapitan ehtiyatda olan hərbçi olub

Hücum nəticəsində həyatını itirən 52 yaşlı Rüstəm Həsənovun ehtiyatda olan hərbçi olduğu məlum olub.

O, uzun müddət Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib. Bir müddət əvvəl hərbi xidmətdən tərxis olunan Həsənov daha sonra mülki sahədə fəaliyyət göstərməyə başlayıb və “Palmali” şirkətində gəmi kapitanı kimi çalışıb.

Bir azərbaycanlı itkin düşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə oktyabrın 5-də baş verib. Hücum zamanı gəminin kapitanı Rüstəm Həsənov həlak olub.

24 yaşlı Məhəmməd Süleymanzadənin axtarışları isə davam etdirilir.

Şahidlərin sözlərinə görə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Zelenski: Gəmi Rusiyanın dron hücumuna məruz qalıb

Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı açıqlamasında bildirib ki, qarğıdalı daşıyan və Türkiyə tərəfindən idarə olunan mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb.

Zelenskinin sözlərinə görə, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub.

Hadisədən sonra Rumıniya rəsmiləri tərəfindən xilasetmə əməliyyatı həyata keçirilib. Gəmidəki 13 nəfərdən 11-i xilas edilib.

Yaralanan azərbaycanlılardan biri Masallı sakinidir

Hücum nəticəsində xəsarət alan azərbaycanlılardan birinin Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyev olduğu bildirilir.

Onun da hadisədən sonra xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir