Berlin Rusiyanın Baş Konsulluğunu və “Rus Evi”ni bağlamaq qərarı verib
Almaniya hökuməti Leypsiq-Halle hava limanında aşkar edilən dronlarla bağlı insidentin arxasında Rusiyanın dayandığını açıqlayıb.
Xəbər Yerində xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt hadisə ilə bağlı araşdırmaların və kəşfiyyat məlumatlarının insidentin Rusiyanın hibrid əməliyyatları ilə əlaqəli olduğunu göstərdiyini bildirib.
Xarici işlər naziri Yohan Vadeful isə Almaniyanın buna cavab olaraq Rusiyanın Bonndakı Baş Konsulluğunu və Berlindəki “Rus Evi”ni bağlayacağını açıqlayıb. Bundan başqa, Rusiya vətəndaşlarının Almaniyaya girişinə nəzarətin sərtləşdirilməsi nəzərdə tutulur.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rütte Almaniyanın mövqeyinə dəstək veriblər. Fon der Lyayen Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib.
Hadisə ilə əlaqədar Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev XİN-ə çağırılaraq ona etiraz notası təqdim edilib. Rusiya tərəfi isə insidentdə iştirakla bağlı ittihamları rədd edib.
Xatırladaq ki, avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı maddə daşıdığı bildirilən pilotsuz uçuş aparatları aşkarlanmışdı. Həmin vaxt hava limanında Ukraynaya hərbi təchizat daşıyan “Antonov” yük təyyarələri də olub.
Mənbə: Qafqazinfo

