2026-cı il temperatur rekordunu qıra bilər – El-Ninyo təhlükəsi artır
2026-cı ilin müşahidələr tarixinin ən isti ili ola biləcəyi ehtimalı artır. Buna səbəb Sakit okeanda El-Ninyo hadisəsinin güclənməsi və okean sularının temperaturunda qeydə alınan dəyişikliklərdir.
Xəbər Yerində Ajans.az-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Avropanın “Kopernik” Yerin Müşahidəsi Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, sentyabr ayında Sakit okeanın əsas ərazilərindən birində temperatur rekordları qeydə alınıb. Bu vəziyyət 2026-cı ilin orta qlobal temperatur göstəricilərinə görə rekord il olması ehtimalını artırır.
Agentliyin məlumatına görə, El-Ninyo hadisəsi Sakit okeanın müəyyən hissələrində suyun temperaturunun müvəqqəti yüksəlməsinə səbəb olur. Bu proses qlobal iqlim sisteminə təsir göstərərək quraqlıq və daşqın kimi ekstremal hava hadisələrinin artmasına, eləcə də qlobal istiləşmənin güclənməsinə şərait yarada bilər.
“Kopernik” Yerin Müşahidəsi Xidmətinin direktoru Karlo Buontempo agentliyə açıqlamasında bu il müşahidə olunan El-Ninyo prosesinin qeyri-adi xüsusiyyətlərə malik olduğunu bildirib. Bununla belə, o, hazırkı tsiklin əvvəlki illərin göstəricilərini üstələyəcəyini söyləmək üçün hələ tez olduğunu vurğulayıb.
Buontempo El-Ninyo hadisəsinin daha da güclənəcəyi təqdirdə 2026-cı ilin müşahidələr tarixinin ən isti ili ola biləcəyini istisna etməyib. Onun fikrincə, 2026-cı ildən sonra 2027-ci il də ekstremal temperatur göstəriciləri ilə yadda qala bilər.

