Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı diqqətçəkən məlumat yayılıb. Hadisədə qətli törətməkdə ittiham olunan Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu bildirilir. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir.
Bəs, bir şəxsin cinayət törətməkdə ittiham olunması onun atasının deputat mandatını və qardaşının hakim vəzifəsini itirməsinə səbəb ola bilərmi?
Xəbər Yerində xəbər verir ki, Oxu.Az-ın araşdırmasına əsasən, Azərbaycan qanunvericiliyində bu məsələlərlə bağlı müvafiq hüquqi müddəalar mövcuddur.
Deputatın mandatı təhlükə altındadırmı?
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsi Milli Məclis deputatlarının toxunulmazlığını tənzimləyir.
Həmin maddəyə əsasən, deputatlar səlahiyyət müddətində, cinayət başında yaxalanma halları istisna olmaqla, cinayət məsuliyyətinə cəlb edilə, tutula və qanunda nəzərdə tutulan digər məcburi tədbirlərə məruz qala bilməzlər.
Deputatın toxunulmazlığına isə yalnız Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatına əsasən Milli Məclis tərəfindən xitam verilə bilər.
Beləliklə, deputatın övladının cinayət törətməkdə ittiham olunması özlüyündə onun mandatının ləğvi üçün hüquqi əsas hesab edilmir.
Hakim qardaşı vəzifəsini itirə bilərmi?
Hakimlərin səlahiyyətlərinə xitam verilməsi məsələsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 113-cü maddəsi ilə tənzimlənir.
Maddədə hakimlərin səlahiyyətlərinə xitam verilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam üçün əsaslar sadalanır. Bunlara səlahiyyət müddətinin başa çatması, hakimin öz arzusu ilə vəzifədən ayrılması, qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməməsi, vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olması və qanunda göstərilən digər hallar daxildir.
Qanunvericilikdə hakimin qardaşının cinayət törətməkdə ittiham olunması onun vəzifəsindən azad edilməsi üçün ayrıca əsas kimi göstərilmir.
Nəticə
Mövcud hüquqi müddəalara əsasən, bir şəxsin cinayət törətməkdə ittiham olunması onun atasının deputat mandatını və qardaşının hakim vəzifəsini avtomatik itirməsi ilə nəticələnmir. Hər iki məsələ yalnız qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslar və prosedurlar çərçivəsində həll edilə bilər.
Qeyd edək ki, cinayət işi üzrə ittihamın irəli sürülməsi şəxsin təqsirinin məhkəmə tərəfindən sübuta yetirilməsi ilə eyni deyil.

