Ərini öldürüb həyətində basdırdı, üstünə gül əkdi – VİDEO

Ərini öldürüb həyətində basdırdı, üstünə gül əkdi – VİDEO

Bakının Sabunçu rayonunda həyat yoldaşını qətlə yetirərək meyitini yaşadığı evin həyətində basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın məhkəməsi yekunlaşıb. O, törətdiyi cinayəti təxminən 10 ay gizlədə bilib.

Xəbər Yerində İctimai Tv-ə istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

39 yaşlı Samir Arifoğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri polisə müraciət ediblər. Təxminən 10 ay davam edən əməliyyat-axtarış və istintaq tədbirləri zamanı şübhələr onun həyat yoldaşı, 38 yaşlı Elmira Vidadi qızı İbrahimovaya yönəlib.

2025-ci il sentyabrın 11-də Elmira İbrahimova ərini öldürdüyünü və meyitini evin həyətində basdırdığını etiraf edib. Onun sözlərinə görə, hadisə 2024-cü il noyabrın 25-də baş verib.

Əməliyyat qrupu ünvana baxış keçirərkən meyitin basdırıldığı iddia olunan ərazidə güllər əkildiyini və “Giriş qadağandır” nişanının qoyulduğunu aşkarlayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq zamanı Elmira İbrahimovanın ərinin itkin düşməsini gizlətdiyi müddətdə onun kreditini də ödədiyi məlum olub.

Qonşuları ailədə problem olduğunu bilməyiblər

Qonşuluqda yaşayan qohumlar cütlüyün münasibətləri barədə müsbət fikirlər səsləndiriblər. Onlar nə silah səsi eşitdiklərini, nə də ər-arvad arasında mübahisə gördüklərini bildiriblər.

Qohumların sözlərinə görə, ailədə ciddi problem olduğundan xəbərsiz olublar. Samirin itkin düşməsi barədə məlumat yayıldıqda onun harasa getdiyini düşündüklərini deyiblər.

Təqsirləndirilən şəxs məhkəmədə nə deyib?

Elmira İbrahimova məhkəmədə ifadəsində Samirlə 21 il evli olduğunu, son beş ildə isə ailə münasibətlərinin pisləşdiyini bildirib. Onun sözlərinə görə, əri başqa qadınla münasibətinin olduğunu deyib, onu evdə tez-tez döyüb və təhqir edib.

Təqsirləndirilən şəxs hadisənin 2024-cü il noyabrın 25-də baş verdiyini deyib. Həmin vaxt altı yaşlı oğlunun da evdə olduğunu bildirən İbrahimova ərinin narkotik maddə qəbul etdiyini və ona da vermək istədiyini iddia edib.

O, ifadəsində ərinin onu döydüyünü və silahı gətirməsini tələb etdiyini söyləyib:

“Silahı gətirəndə bir anlıq özümdə olmamışam, əsəbləşmişəm və bu zaman ona tərəf güllə açılıb. Silah hazır vəziyyətdə imiş. Bunu bilməmişəm”.

Elmira İbrahimova atəş açdıqdan sonra hadisə barədə heç kimə məlumat vermədiyini, ərinin meyitini həyətə apararaq basdırdığını bildirib. O, çuxuru nə vaxt qazdığını xatırlamadığını deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirə məxsus silahı və mobil telefonu hissələrə ayıraraq dənizə atıb. O, bu addımını ərinin yaxınlarından qorxması ilə izah edib.

Zərərçəkmişin anası və hüquqi varisi isə məhkəmədə təqsirləndirilənin dedikləri ilə razılaşmayıb, onun yalan danışdığını və hadisəni təkbaşına törətmədiyini iddia edib.

Məhkəmənin hökmü

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. İbtidai istintaq başa çatdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesin sonunda hökm elan olunub.

Hökmə əsasən, Elmira İbrahimova 12 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir