Erməni əsilli turist Bakıda yaşadıqlarını danışdı: “Şokda idim”

Erməni əsilli turist Bakıda yaşadıqlarını danışdı: “Şokda idim”

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya səfər edib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 24-26-da baş tutan Formula 1 yarışları çərçivəsində Bakıda 5 gün qalan Tamazyan səfəri ilə bağlı “Instagram” hesabında çoxsaylı paylaşımlar edib.

Səfərdən əvvəl narahat olub

Olqa Tamazyan bildirib ki, Bakıya gəlməzdən əvvəl səfərlə bağlı ciddi narahatlıqları olub. Buna görə də müxtəlif rəsmi qurumlarla əlaqə saxlayaraq Azərbaycana səfərinin mümkün olub-olmadığını və ölkəyə giriş zamanı hər hansı problemlə qarşılaşıb-qarşılaşmayacağını öyrənməyə çalışıb.

Onun sözlərinə görə, müraciət etdiyi qurumların hamısından səfərlə bağlı müsbət cavab alıb:

“Ən əsası onu demək istəyirəm ki, başlanğıcda bu səfərə maksimum dərəcədə hazırlaşmışdım. Mümkün olan bütün xidmətlərə yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: əlbəttə ki, sizi gözləyirik, gəlin, heç bir problem yaşanmayacaq”.

Sərhəddə gözlədiyindən fərqli münasibətlə qarşılaşıb

Tamazyan Azərbaycana daxil olarkən sərhəd-keçid məntəqəsində yaşadığı hadisənin onun gözləntilərindən tamamilə fərqli olduğunu deyib.

O bildirib ki, hava limanında sərhədçilər onları saxlayaraq baş zabiti dəvət ediblər. Lakin proses uzun çəkməyib və ondan yalnız harada qalacağı soruşulub:

“Hava limanına çatanda şokda idim. Sərhədçilər bizi çağırdılar, baş zabiti dəvət etdilər. O, sadəcə harada qalacağımızı soruşdu və vəssalam. Bu, cəmi beş dəqiqə vaxtımızı aldı”.

Bakıda mənfi münasibət görmədiyini deyib

Erməni əsilli turist Bakıda olduğu müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində erməni soyadlarına rast gəldiyini bildirib.

Tamazyanın sözlərinə görə, buna baxmayaraq, səfəri boyunca heç bir şəxsdən mənfi münasibət və ya xoşagəlməz söz eşitməyib.

O, Bakıda olarkən Zəfər Parkını da ziyarət edib. Turist qeyd edib ki, Azərbaycana səfər etməzdən əvvəl keçirdiyi qorxular Bakıda yaşadığı şəxsi təcrübədən sonra tamamilə dəyişib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir