FHN-dən havaların soyuması ilə bağlı XƏBƏRDARLIQ: Qızdırıcılardan istifadə zamanı bunlara diqqət edin

FHN-dən havaların soyuması ilə bağlı XƏBƏRDARLIQ: Qızdırıcılardan istifadə zamanı bunlara diqqət edin

Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlı əhaliyə müraciət edib.

FHN bildirib ki, havaların soyuması ilə elektrik və qazla işləyən qızdırıcı cihazlara tələbat xeyli artır. Belə vəziyyətdə məişətdə elektrik və qaz təsərrüfatında olan nasazlıqlar, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcılarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.

Nazirlik tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların, fiziki və hüquqi şəxslərin təhlükəsizlik qaydalarına laqeyd yanaşması acı nəticələrə, o cümlədən insan tələfatına, əmlaka və infrastruktura zərər dəyməsinə səbəb olur.

FHN bu qaydalara əməl etməyə çağırır

Nazirlik əhaliyə aşağıdakı təhlükəsizlik qaydalarını xatırladıb:

  • Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edilməməlidir;
  • Elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalıdır;
  • Elektrik və qaz şəbəkələrinin quraşdırılması və təmiri yalnız mütəxəssislərə həvalə edilməlidir;
  • Elektrik xətləri və uzadıcılar zədələnmiş olmamalı və həddindən artıq yüklənməməlidir;
  • Telefon, kompüter və digər elektrik cihazları, eləcə də elektrikli skuterlər şarj məqsədilə mənzildə, xüsusilə gecə saatlarında nəzarətsiz şəkildə şəbəkəyə qoşulu saxlanılmamalıdır;
  • Çoxmənzilli binaların yeraltı avtodayanacaqlarında və digər qapalı ərazilərdə təsdiq edilmiş texniki şərt olmadan elektromobillər üçün elektrik doldurma qurğuları quraşdırılmamalıdır;
  • Tikinti norma və qaydalarının tələblərinə uyğun quraşdırılmış elektrik doldurma qurğularından istifadə zamanı onlar nəzarətsiz saxlanılmamalıdır;
  • Elektrik və qaz cihazlarından uşaqlar istifadə etməməli və bu cihazlar daim nəzarətdə saxlanılmalıdır;
  • Mənzil daxilində, eyvanlarda və pilləkən qəfəslərində tezalışan və yanar maddələr saxlanılmamalıdır;
  • Mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalıdır.

Qaz iyi hiss etdikdə bunu etməyin

FHN xəbərdarlıq edib ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığına əmin olmadan işıq yandırmaq, elektrik və qaz cihazlarını işə salmaq, həmçinin açıq oddan istifadə etmək olmaz.

Qaz iyi hiss edildikdə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanmalı və mütəxəssis çağırılmalıdır.

Həmçinin tam söndürülməmiş kibrit çöpü və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.

Yanğın zamanı necə davranmalı?

FHN yanğın zamanı təhlükəsizliyi təmin etmək üçün ağız və burnun nəm parça materialı – dəsmal, şərf, paltar və digər vasitələrlə tutulmasını, əyilərək və ya sürünərək hərəkət edilməsini tövsiyə edib.

Digər otaqlardakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqlar nəm əski ilə tutulmalıdır. Yanğının şiddətlənməsinin qarşısını almaq üçün qapı və pəncərələr bağlanmalıdır.

Mənzili tərk etmək mümkün olmadıqda eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənlərin gəlməsi gözlənilməlidir. Binanı tərk etmək üçün isə liftdən istifadə etmək olmaz.

Çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və digər sahələrində yanğın baş verdikdə, digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməlidirlər. Bu zaman giriş qapısının ətrafı nəm parça materialı ilə tutulmalı və tüstüdən qorunmaq lazımdır.

FHN vurğulayıb ki, təhlükəsizlik qaydalarına əməl etməklə həyat və sağlamlığa dəyə biləcək zərərlərin qarşısını almaq mümkündür.

“Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!” – deyə nazirlikdən bildirilib.

FHN təhlükə zamanı 112 qaynar xəttinə zəng etməyi tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir