Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problemlər yaranıb. Müğənninin iki aydır yataq xəstəsi olduğu və iki böyük əməliyyat keçirdiyi bildirilir.
Xəbər Yerində Axşam.az-a istinadən xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov məlumat verib.
O, sənətçinin vəziyyətindən narahatlığını ifadə edərək həmkarlarını Firuzə İbadovanı ziyarət etməyə çağırıb.
“Xırda bir şey deyil, böyük əməliyyatdır. Onun yanına ikinci dəfədir gəlirəm. İstərdim ki, sənət dostlarımız da gəlib baş çəksinlər. O cür gözəl sənətkardır. Çox istəyərdim ki, səhhəti yaxşı olanda onunla görüşənlər indi də gəlib görüşsünlər.
İki aydır yataqdadır. İki böyük əməliyyat keçirib. Həkim deyib ki, üçüncü dəfə də əməliyyat olunmalıdır. Bizim borcumuzdur onun yanında olaq. Həmişə mehriban olub. Bu gün yanında qızı Hülyadır. Səhərdən axşama qədər onun qayğısına qalır”, – deyə İzzət Bağırov bildirib.

