“Həzi Aslanov” metrosunda yenidənqurma işləri başa çatdı

“Həzi Aslanov” metrosunda yenidənqurma işləri başa çatdı

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işləri yekunlaşıb.

Xəbər Yerində xəbər verir ki, “Report”un məlumatına görə, işlər təxminən 280 metrlik sahədə üç mərhələdə həyata keçirilib.

İlkin mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi aparılıb. Eyni zamanda, döşəmə, divar və tavan hissələrində möhkəmləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları isə tamamilə yenidən inşa edilib.

Son mərhələdə tavan hissəsində izolyasiya və məhlulvurma işləri görülüb, səthlərə xüsusi boya maddələri tətbiq olunub.

Dalan yolları müasir konstruksiyalar üzərində qurulub

Layihəyə uyğun olaraq, ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində inşa edilib. Yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub.

Dörd yoldan ibarət dalanda ümumilikdə altı yoldəyişdirici quraşdırılıb.

“Həzi Aslanov” stansiyasının dalanının yenidən qurulması və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı çərçivəsində həyata keçirilib.

Yenidənqurmaya nə üçün ehtiyac yaranmışdı?

Dalan yolları qatarların gecələməsi, hərəkətin çevik idarə olunması, qısa intervallarla hərəkətin təşkili, eləcə də qatarların texniki baxışı və xidmətinin həyata keçirilməsi baxımından mühüm infrastrukturdur.

Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti “Həzi Aslanov” stansiyasının dalanındakı konstruktiv elementlərə qrunt sularının ciddi təsir göstərməsinə, divarlarda isə eroziyanın yaranmasına səbəb olub.

Aparılan yenidənqurma işləri dalanın konstruktiv dayanıqlılığının artırılmasına və infrastrukturun uzunmüddətli istismarının təmin edilməsinə yönəlib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir