Həkimlərin maaşı 1450 manatdan 3000 manatadək qalxacaq

Həkimlərin maaşı 1450 manatdan 3000 manatadək qalxacaq

Bəzi ixtisaslar üzrə artım 107 faizə çatacaq – regionlarda çalışan həkimlər üçün xüsusi əlavələr tətbiq ediləcək

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarında ciddi artımlar nəzərdə tutulub.

Xəbər Yerində xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov yeni əməkhaqqı sisteminin əsas prinsiplərini açıqlayıb. Onun sözlərinə görə, maaşların müəyyənləşdirilməsi zamanı həkimin vəzifəsi, ixtisası, iş yükü, fəaliyyət göstəriciləri və regiondakı kadr təminatı nəzərə alınacaq.

Ailə və sahə həkimlərinin maaşı 2 min manat olacaq

İslahat çərçivəsində ilkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata yüksəldiləcək.

Bu dəyişiklik nəticəsində həmin həkimlərin maaşı 850 manat və ya 74 faiz artacaq.

Təcili yardım həkimlərinə də böyük artım

Təcili tibbi yardım xidmətində çalışan həkimlərin əməkhaqları da artırılacaq.

Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimləri üçün maaş 1550 manatdan 2200 manata qaldırılacaq.

Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin əməkhaqqı isə 1550 manatdan 2500 manata çatdırılacaq.

3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili yardım şöbələrində çalışan həkimlər isə 3000 manat maaş alacaqlar. Hazırda bu göstərici 2100 manatdır.

Region həkimləri üçün xüsusi stimullar

Yeni sistemin əsas istiqamətlərindən biri kadr çatışmazlığı olan regionlara ixtisaslı həkimlərin cəlb edilməsidir.

Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda müəyyən ixtisaslar üzrə çalışan həkimlər üçün xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.

Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının maaşı 1450 manatdan 3000 manata yüksələcək. Bu, 107 faizlik artım deməkdir.

Neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manata, hemodializ həkimlərinin maaşı isə 1450 manatdan 2250 manata çatdırılacaq.

Bundan başqa, həkim çatışmazlığı müşahidə olunan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya üzrə çalışan həkimlərin aylıq əməkhaqqı 1450 manatdan 2150 manata qaldırılacaq.

TƏBİB rəhbəri bildirib ki, yeni əməkhaqqı modelinin tətbiqi həm tibb işçilərinin əməyinin daha düzgün qiymətləndirilməsinə, həm də regionlarda həkim çatışmazlığının azaldılmasına xidmət edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir