Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada Azərbaycan istehsalı olan “Harmoniya” sənədli filminin təqdimatı keçirilib.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Sənədli film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə hazırlanıb. Ekran əsərinin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.
Tədbirə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun üzvləri, dini icmaların nümayəndələri və din xadimləri qatılıblar.
Təqdimatdan əvvəl Azərbaycanın dini-mədəni irsini və ölkədəki multikultural dəyərləri əks etdirən fotostend də qonaqların diqqətinə təqdim olunub.
Səfir: “Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır”
Mərasimdə çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov filmin hazırlanmasına töhfə verən şəxslərə təşəkkür edib.
Səfir bildirib ki, “Harmoniya” filmi müxtəlifliyin insanların dünyagörüşünü zənginləşdirməsi və onları bir-birinə yaxınlaşdırması barədə düşünməyə imkan verir.
Onun sözlərinə görə, ekran əsərində eyni Vətəni – Azərbaycanı bölüşən, lakin fərqli dini ənənələrə mənsub olan üç gənc qadının həyatından bəhs edilir. Filmin əsas mesajlarından biri dini fərqliliklərin insanlar arasında ayrılığa səbəb olmamalı olduğunu göstərməkdir.
İlqar Muxtarov İslam, xristianlıq və yəhudiliyin Azərbaycanda əsrlər boyu dərin köklərə malik olduğunu da diqqətə çatdırıb.
Səfir qeyd edib ki, ölkədəki məscid, kilsə və sinaqoqlar təkcə dini müxtəlifliyin tarixi nümunələri deyil, eyni zamanda birgəyaşayış ənənəsinin canlı hissəsidir. Onun sözlərinə görə, bu ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun təşviqinə yönəlmiş dövlət siyasəti ilə qorunub və inkişaf etdirilib.
Kardinalın müraciəti oxunub
Tədbirdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Dikasteriyanın prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini iştirakçılara çatdırıb.
Müraciətdə “Harmoniya” filminin Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında formalaşmış birgəyaşayış təcrübəsini təqdim etdiyi bildirilib.
Kardinal qeyd edib ki, filmin adı mühüm bir fikri ifadə edir: harmoniya fərqliliklərin aradan qaldırılmasını deyil, həmin fərqliliklərin qarşılıqlı hörmət, dialoq və qardaşlıq şəraitində yaşanmasını nəzərdə tutur.
Müraciətdə dinlərarası dialoqun yalnız rəsmi görüşlər və bəyanatlarla məhdudlaşmamalı olduğu vurğulanıb. Bildirilib ki, bu dialoq insanların münasibətlərində, təhsil və mədəniyyət sahələrində, eləcə də müxtəlif dinlərin nümayəndələrinin gündəlik birgəyaşayışında özünü göstərməlidir.
Sənəddə incəsənət və kinonun bu istiqamətdə mühüm rol oynaya biləcəyi də qeyd olunub. Bildirilib ki, kino və incəsənət müxtəlif dini kimliklərə malik insanların bir-birini tanımasına, qarşılıqlı hörmət etməsinə və cəmiyyətə birlikdə töhfə verməsinə imkan yaradır.
“Harmoniya” Azərbaycanın multikultural dəyərlərindən bəhs edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovşağında yerləşdiyini xatırladıb.
Onun sözlərinə görə, Azərbaycan xalqı əsrlər ərzində multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq ənənələrini formalaşdırıb və bu dəyərlər nəsillər boyunca ötürülüb.
Ramin Məmmədov bildirib ki, hazırda Azərbaycanın müxtəlif bölgələrində fərqli dinlərə və xalqlara mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər.
Komitə sədri “Harmoniya” filmini Azərbaycan torpağından bütün dünyaya ünvanlanan mühüm mənəvi mesaj kimi xarakterizə edib.
O qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində və müqəddəs ziyarətgahlarında lentə alınan ekran əsəri fərqli dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və möhkəm dostluğu üzərindən ölkənin reallıqlarını təqdim edir.
Qeyd edək ki, “Harmoniya” sənədli filmi beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da nümayiş etdirilir.
Təqdimat mərasiminin sonunda sənədli filmin nümayişi keçirilib.














