Xəbər Yerində xəbər verir ki, Hindistandan Azərbaycana gələn turist Bakıda qarət olunub.
“Oxu.Az”ın məlumatına görə, hadisə paytaxtda yerləşən “Memi” hotelində baş verib.
Məlumata əsasən, turist Bakıdakı gecə klublarından birində Sahilə Məmmədova (ad və soyad şərtidir – red.) ilə tanış olub. Birlikdə spirtli içki qəbul etdikdən sonra kişi onu qaldığı hotelə dəvət edib.
Növbəti gün Sahilə turistə zəng edərək hotelə gəlmək istədiyini bildirib və yol xərci üçün ondan 20 manat istəyib. Turist həmin məbləği ona göndərdikdən sonra görüşməyə razılaşıb.
Hotelə gələn Sahilə burada turistdən 100 dollar da alıb. Daha sonra kişi hamamda olduğu vaxt onun pulqabısını götürüb. Pulqabının içərisində olan 1 100 dolları götürən qadın hotel ərazisindən uzaqlaşıb.
Turist hadisə ilə bağlı polisə müraciət edib. Keçirilən tədbirlər nəticəsində Sahilə Məmmədova saxlanılıb.
Fakt üzrə cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədovaya 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin onun barəsində elektron nəzarət qolbağı tətbiq olunub.

