II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent danışdı

II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent danışdı

II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent uğurunun sirrini açıqladı

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 5-də keçirdiyi II və III ixtisas qrupları üzrə qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticəni Laçın rayon Oğuz tam orta məktəbinin məzunu Paşa İsbəndiyarlı göstərib.

Paşa qəbul imtahanının ikinci mərhələsində 400, birinci mərhələsində isə 277,3 bal toplayıb.

AzEdu.az-a açıqlama verən abituriyent bildirib ki, hər iki imtahanın çətinlik səviyyəsi demək olar ki, eyni olub.

“Suallar arasında ciddi fərq olduğunu düşünmürəm. Birinci imtahanda diqqətsizlik səbəbindən cavabları səhv qeyd etmişdim və bu, nəticəmə təsir göstərdi. Buna görə ikinci cəhddə də iştirak etdim.

Məncə, yüksək nəticənin əsas səbəbi sistemli hazırlaşmaq, dərsləri diqqətlə dinləmək və testləri mütəmadi işləməkdir. Həddindən artıq çox dərs oxumurdum, amma planlı şəkildə hazırlaşırdım. Düşünürəm ki, əsas məsələ düzgün strategiya qurmaqdır”, – deyə o bildirib.

Paşa İsbəndiyarlı qeyd edib ki, imtahana hazırlıq zamanı qorxuya ehtiyac yoxdur:

“İnsan sistemli şəkildə çalışarsa, qarşısına qoyduğu məqsədə çata bilər. 400 bal toplamaq mümkündür. Bunun üçün testləri davamlı işləmək və vaxtı düzgün idarə etmək vacibdir”.

O bildirib ki, ikinci cəhdə gedərkən yüksək nəticə əldə edəcəyinə inanırdı:

“Tam əmin olmasam da, belə nəticə gözləyirdim. Təhsilimi ADA Universitetində və ya Bakı Ali Neft Məktəbində maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Bu sahəni həm gələcək imkanlarına, həm də nüfuzuna görə seçmişəm”.

Abituriyent hazırlıq dövründə sosial şəbəkələrdən də istifadə etdiyini, lakin bunun dərslərinə mane olmasına imkan vermədiyini vurğulayıb.

“Bəzi günlər daha çox, bəzi günlər isə daha az vaxt ayırırdım. Əsas məqsədim sosial şəbəkələrin hazırlığıma mənfi təsir etməməsi idi”, – deyə Paşa İsbəndiyarlı əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir