İlham Əliyev Almaniyanın Prezidentini Milli Birlik Günü münasibətilə təbrik edib

İlham Əliyev Almaniyanın Prezidentini Milli Birlik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə ölkənin milli bayramı – Alman Birliyi Günü münasibətilə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev məktubunda öz adından və Azərbaycan xalqı adından Almaniya Prezidentini və alman xalqını səmimi-qəlbdən təbrik edib.

Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı kimi ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişafına xüsusi önəm verdiyini bildirib.

İlham Əliyev cari ilin iyulunda Almaniyaya səfəri zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasının dövlətlərarası əlaqələrin keyfiyyətcə yeni mərhələsinin – strateji tərəfdaşlığın əsasını qoyduğunu qeyd edib.

Məktubda bildirilib ki, fəal siyasi dialoq ölkələr arasında iqtisadi-ticari, enerji, nəqliyyat, bağlantılar, sərmayə, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verir. Həmçinin bunun Avrasiya qitəsində qarşılıqlı fəaliyyətin və enerji sektorunda səmərəli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

Prezident İlham Əliyev xalqların mənafelərinə uyğun olaraq Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylərin göstəriləcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Almaniya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və məsul fəaliyyətində uğurlar, dost Almaniya xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Qeyd edək ki, məktub 30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir