Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.
“Xəbər Yerində” xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyişlər və regionda sülh perspektivləri müzakirə olunub.
Pere Joan Pons Sanpietro ATƏT məkanındakı münaqişələrdən birinin həll edilməsini və bölgədə davamlı sülhün təmin olunması istiqamətində əldə edilən nəticələri yüksək qiymətləndirərək, Prezident İlham Əliyevi Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan nailiyyətlər münasibətilə təbrik edib.
Dövlət başçısı təbrikə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev qeyd edib ki, münaqişənin həllinə təxminən 30 il ərzində məsul olan ATƏT-in Minsk qrupu danışıqlar prosesində nəticə əldə edə bilməyib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin icra olunmadığını vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan özü hərbi-siyasi yollarla münaqişəyə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasındakı münasibətlərə də toxunulub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib və ATƏT PA-nın fəaliyyətində bütün ATƏT məkanına balanslı yanaşmanın vacibliyini vurğulayıblar.
Söhbət zamanı mədəniyyətlərarası dialoq məsələsi də müzakirə olunub, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər və töhfələri qeyd edilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətindən də danışıb. O bildirib ki, mina problemi ATƏT Parlament Assambleyasının gündəliyində də xüsusi yer tutur.






