İlham Əliyev: Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi barədə bütün məlumatları təqdim etməlidir

İlham Əliyev: Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi barədə bütün məlumatları təqdim etməlidir

“Xəbər Yerində” Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib.

“İtkin düşmüş şəxslərin taleyinin araşdırılması vacib məsələlərdəndir”

Prezident müraciətində bildirib ki, itkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir və Azərbaycan bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşır.

Onun sözlərinə görə, münaqişənin başa çatmasına baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalır.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Dialoqu dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirən, təcrübə mübadiləsinə və əməli əməkdaşlığın genişləndirilməsinə imkan verən mühüm platformadır.

4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb

Prezident bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzindəki fəaliyyətinin nəticə vermədiyini təəssüflə qeyd edib.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə edilən Zəfər və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi itkin düşmüş vətəndaşların axtarışı üçün yeni imkanlar yaradıb.

İşğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb

Prezident qeyd edib ki, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkinlərin yerinin müəyyənləşdirilməsi və kütləvi məzarlıqların aşkar edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirir.

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını bildirən İlham Əliyev insan qalıqları üzərində aparılan ekspertizaların qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərdiyini deyib.

Prezident əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsini, işgəncə ilə öldürülməsini və cinayət izlərinin ört-basdır edilməsini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib və bu əməllərə hüquqi qiymət verilməli olduğunu vurğulayıb.

“Heç bir vətəndaşımız unudulmur”

İlham Əliyev bildirib ki, Azərbaycan taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək üçün bütün imkanlarını səfərbər etməyə davam edəcək.

“İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir”, – Prezident qeyd edib.

O, itkin düşmüş şəxslərin ailələrinə hərtərəfli dəstək və qayğı göstərilməsinin mənəvi öhdəlik olduğunu vurğulayıb.

Ermənistan bütün məlumatları təqdim etməlidir

Prezident bildirib ki, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından birbaşa asılıdır.

Onun sözlərinə görə, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.

İlham Əliyev vurğulayıb ki, insan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

BMT çərçivəsində xüsusi mexanizm yaradılması təklif edilir

Prezident qeyd edib ki, Azərbaycan 2002-ci ildən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir.

O, BMT və digər aidiyyəti beynəlxalq təşkilatların axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması istiqamətində daha fəal olmasının vacibliyini vurğulayıb.

İlham Əliyev bildirib ki, müasir texnologiyaların tətbiqi, arxiv məlumatlarının əlçatanlığı, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması bu sahədə əsas istiqamətlərdəndir.

Azərbaycan Prezidenti problemin qlobal miqyasda daha böyük diqqət görməsi üçün BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab etdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir