Prezident İlham Əliyev Esvatini Krallığının Müstəqillik Günü münasibətilə Kral III Msvatiyə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda Kral III Msvatini və onun simasında Esvatini xalqını Azərbaycan xalqı adından təbrik edib, ölkələr arasında münasibətlərin inkişafı üçün əlverişli imkanların yarandığını vurğulayıb.
Prezident İlham Əliyev III Msvatinin bu ilin mayında Bakıda keçirilən WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfərini ikitərəfli əlaqələrin tarixində əhəmiyyətli hadisə kimi qiymətləndirib. Dövlət başçısı Kral ilə keçirdiyi görüşü və aparılan fikir mübadiləsini xoş təəssüratlarla xatırladığını qeyd edib.
Məktubda Azərbaycan və Esvatini arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarından tam istifadə olunması üçün birgə səylərin davam etdiriləcəyinə əminlik ifadə edilib.
İlham Əliyev Kral III Msvatiyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Esvatini xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıb.

