İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi – FOTO

İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İranın daxili işlər naziri İsgəndər Momenini qəbul edib.

Xəbər Yerində “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında təhlükəsizlik və ictimai asayişin qorunması da daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Prezident İlham Əliyev İran Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı səfəri iki ölkə arasında qarşılıqlı təmasların davamı kimi qiymətləndirib və bu çərçivədə bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfər etdiyini, orada mühüm görüşlərin keçirildiyini xatırladıb.

Momenidən Pezeşkianın salamı

İsgəndər Momeni qəbul üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib və Azərbaycana, dost və qardaş ölkəyə səfər etməkdən məmnunluğunu ifadə edib.

İranın daxili işlər naziri Prezident Məsud Pezeşkianın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. O qeyd edib ki, İran Prezidenti İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.

Dövlət başçısı salamlarına görə təşəkkür edib və öz növbəsində Məsud Pezeşkiana salamlarını çatdırmağı xahiş edib. İlham Əliyev də İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü bildirərək, bir neçə gün əvvəl Türkmənistanda Məsud Pezeşkianla keçirdiyi görüşü xatırladıb.

İsgəndər Momeni İran Prezidentinin iki ölkənin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycanın İrana dəstəyi qeyd edildi

İranın daxili işlər naziri Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu bildirib.

O, İranda müxtəlif vaxtlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardım və dəstəyə görə bir daha təşəkkür edib.

İsgəndər Momeni həmçinin bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə Prezident İlham Əliyevə məlumat verib.

İlham Əliyev isə Yaxın Şərqdə mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümid etdiyini bildirib.

Görüş zamanı Azərbaycan və İranın müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir