İlham Əliyev Pirallahıda dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

İlham Əliyev Pirallahıda dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Pirallahı Sənaye Parkının fəaliyyəti

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Parkın əsas məqsədi əczaçılıq sənayesinin inkişafını və dəstəklənməsini təmin etmək, dərman məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək və məşğulluğu artırmaqdır.

Hazırda Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

Ölkədə isə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam, Hacıqabul, Balaxanı sənaye parkları və “Araz Vadisi İqtisadi Zonası”dır.

Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub və zəruri infrastrukturun yaradılması istiqamətində işlər aparılır. Həmçinin Gəncə və Şəmkirin inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

Müəssisəyə 113,9 milyon manat investisiya qoyulub

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Şirkətin təsisçiləri Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti – 66 faiz, Azərbaycan Biznesinin İnkişafı Fondu – 29 faiz və Türkiyənin “SİA Pharmaceuticals” şirkəti – 5 faiz paya sahibdir.

Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından və 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub.

Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad edilib.

İldə 60 milyon qutu dərman istehsal ediləcək

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir.

Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotik və digər dərman vasitələri istehsal olunacaq.

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən çox preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum səviyyədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

İstehsal edilən məhsulların daxili bazarla yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı nəzərdə tutulur.

Müəssisədə 178 nəfər daimi işlə təmin ediləcək.

Bundan başqa, zavodda Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir