Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.
Xəbər Yerində xəbər verir ki, görüşdə Şri-Lanka rəsmisi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirib. O, tədbirin Bakıda keçirilməsi və Azərbaycanın təşkilata uğurlu sədrliyi münasibətilə dövlət başçısını təbrik edib. Vicita Herat Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə bağlı qərarı dəstəklədiklərinə görə üzv ölkələrə, o cümlədən Şri-Lankaya təşəkkür edib. Dövlət başçısı bunun Azərbaycanın təşkilata uğurlu sədrliyinin, eləcə də ölkəmizə göstərilən hörmət və etimadın göstəricisi olduğunu vurğulayıb.
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da yaxşı imkan yaratdığını bildirib.
Vicita Herat son təbii fəlakətlər zamanı Azərbaycanın Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə edib.
Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.
Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət və turizm sahələrində münasibətlərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları diqqətə çatdırılıb və təhsil sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.







